Faizlər razılaşması
Faizlər razılaşması — dördüncü Moskva konfransı zamanı əldə olunan, İkinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Ruzvelti konfransda təmsil edən ABŞ səfiri Averel Herriman bu xüsusi müzakirələrdən kənarda saxlanılmışdı.
1944-cü il oktyabrın 9-da Moskva konfransında görüşən Çörçill və Stalin Avropanın nüfuz dairələrinə bölünməsini müzakirə edirlər. Burada Vinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir və kağızı Stalinə ötürür. Təklif tərcümə olunduqdan sonra Çörçill:
"Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" - deyir, lakin Stalin "Yox, səndə qalsın" - deyə cavab verir.
Çörçill bu sənədi naughty document-yaramaz sənəd adlandırırdı.
İki ölkənin xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının Bolqarıstan və Macarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.